Milli Aviasiya Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilmiş sənədli filmin təqdimatı olub.
Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə reallaşıb.
Filmin təqdimatından öncə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin adından qonaqları salamlayan akademiyanın prorektoru Ədalət Səmədov tədbirin əhəmiyyətindən söz açıb.
Bildirib ki, milli qəhrəmanlarımızın keçdiyi döyüş yolu, vətən torpaqları uğrunda canlarından keçmələri bugünkü və gələcək nəsillərə örnəkdir. Viktor Seryogin və digər qəhrəmanlarımızın döyüşdə göstərdiyi şücaət gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır.
Vurğulayıb ki, 1944-cü il martın 23-də Tbilisi şəhərində anadan olan V.Seryogin 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 helokopterinə pilot təyin edilib. Onun Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük xidmətləri olub:
“Dəfələrlə ordenlərlə təltif edilən, Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikasını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus döyüş yolu keçib. Dəfələrlə dinc sakinləri xilas edərək təhlükəsiz əraziyə daşıyıb. O, 1992-ci il yanvarın 28-də dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfildən vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü isə heyətlə birlikdə qəhrəmancasına həlak oldu”.
Ə.Səmədov Milli Qəhrəmanın xatirəsinin əziz tutulması və bu məqsədlə reallaşan tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Şirkətinin direktoru Azər Sultanov deyib ki, belə təqdimatların keçirilməsi vətən torpaqları uğurunda canından keçən qəhrəman vətən övladlarının xatirəsinə hörmətin göstəricisidir:
“Biz bu gün Viktor Seryoginin döyüş yoldaşları ilə çiyin-çiyinə çalışırıq. V.Seryogin və onun timsalında bütün qəhrəmanlarımızın xatirəsini yad etmək hər zaman vacibdir, borcumuzdur”.
Milli Qəhrəmanının şərəfli döyüş yolundan danışan Mədəniyyət Nazirliyinin rəsmisi Almaz Sultanzadə film haqqında məlumat verib.
Qeyd edib ki, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında ekranlaşdırılan “Viktor Seryogin” filminin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır. Ekran əsərinin çəkilməsində zəhməti olan hər kəsə təşəkkür edən A.Sultanzadə şəhidlərin xatirəsinin dövlətimiz tərəfindən hər zaman uca tutulduğunu qeyd edib.
Milli Qəhrəmanın döyüş yoldaşı Bayram Muxtarov onun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, xatirələrini bölüşüb. Bugünkü tədbirin gənclərin vətənpərvərlik ruhunda böyüməsində, torpağa olan sevgilərinin artmasında müsbət rol oynayacağına əminliyini bildirən B.Muxtarov belə görüş lərin tez-tez təşkil olunmasının vacibliyini vurğulayıb